Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

ARMPK-nin ÖLKƏ İCTİMAİYYƏTİNƏ MÜRACİƏTİ

09 Fev 2018

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİ İLƏ BAĞLI

AZƏRBAYCAN MILLI PARALIMIYA KOMITƏSİNİN     ÖLKƏ       İCTİMAİYYƏTİNƏ MÜRACİƏTİ.

 

    Azərbaycanda Paralimpiya hərəkatının yaranması Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Böyük fəxarətlə demək olar ki, Ulu öndərin ümumilikdə idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı, bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti, paralimpiyaçıların dostu möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir.

Ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpa olunmasında, fiziki inkişafında, cəmiyyətə inteqrasiyasında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında Milli Paralimpiya Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində  Uşaq Paralimpiya Komitəsinin ölkəmizdə yaradılması, ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcəkdir.

    Azərbaycan Milli Paralimpiya Komitəsi öz fəaliyyətini genişləndirir, idman növlərinin və idmançıların sayı ildən ilə artır, bölgələrdə paralimpiya hərəkatı sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, Milli Paralimpiya Komitəsi fəaliyyəti dövründə 7 Yay Paralimpiya Oyunlarında iştirak etmiş və Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr götərərək 38 medal qazanmışlar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürünc medallardır. İdmançılar arasında 7 Paralimpiya çempionu vardır ki, onlardan iki nəfəri ikiqat Paralimpiya çempionlarıdır. Bundan əlavə idmançılardan 7 nəfəri Dünya, 14 nəfəri Avropa çempionu, 7 nəfər Dünya Oyunlarının, 12 nəfər İslam Həmrəyliyi Oyunlarının və 1 nəfəri Avropa Oyunlarının qalibləridir. Paralimpiyaçılarımızın beynəlxalq arenalarda, mötəbər yarışlarda göstərdikləri şücaət, nail olduqları uğurlara nəzər salsaq görərik ki, uğurların əldə olunması üçün böyük zaman və zəhmət sərf olunmuşdur, lakin sağlamlıq məhdudiyyətlərinə qalib gələrək, idman yolunda olan çətinliklərə sinə gərərək onlar böyük ruh yüksəkliyi ilə bayrağımızı daim ucalarda saxlamağa nail olmuşlar. Qeyd olunmuş nailiyyətlər ,  yalnız və yalnız ölkə  başçısı, Milli Olimpiya  Komitəsinin prezidenti  cənab  İlham  Əliyevin adı ilə bağlıdır və onun bədən  tərbiyəsi  və  idmana  göstərdiyi  diqqət  və  qayğısının təzahürüdür.

     Hörmətli həmvətənlər,

     Məlum olduğu kimi  Azərbaycanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamış və Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə  Qərar qəbul etmişdir.

     Paralimpiyaçılar da prezident seçkilərində öz ənənəsinə sadiq qalaraq  İlham Əliyevin namizədliyini dəstəkləyir və ölkə cəmiyyətini də seçkilərdə fəallıq göstərərək cənab İlham Əliyevə səs verməyə çağırır.

   

Müraciət Milli Paralimpyia Komitəsinin 09 fevral 2018-ci il tarixli iclasında qəbul edilmişdir.