Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti Ilqar Rəhimovun Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsla rəsmi görüşü

13 Noy 2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti Ilqar Rəhimovun Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsla rəsmi görüşü
Xəbər verdiyimiz kimi Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Endrü Parsons ölkəmizdə səfərdədi. Səfər çərçivəsində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla Endrü Parsons arasında görüş keçirilmişdir. Görüş zamanı İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının mövcud vəziyyəti barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin Paralimpiya hərəkatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində ölkəmizdə paralimpiya hərəkatı sürətlə inkişaf edir. Milli Paralimpiya Komitəsi 1996-cı ildə iki idman növü ilə fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə Paralimpiya Milli Komandası 6 Yay Paralimpiya Oyunlarında iştirak etmişdi. Hazırda Komitənin nəzdində 14 Yay idman növləri və 3 Qış idman növləri üzrə Paralimpiya Milli Komandaları fəaliyyət göstərir. Qış idman növləri və Para-velo idman növü 2018-ci ildə yaradılmışdır. İdmançılarımızdan 7 nəfəri Paralimpiya çempionu (onlardan 2 nəfəri ikiqat Paralimpiya çempionu), 7 nəfəri Dünya çempionu, 17 nəfəri Avropa çempionu, 7 nəfəri Dünya Oyunlarının qalibi, 1 nəfəri Avropa Oyunlarının qalibi və 12 nəfəri İslam Həmrəyliyi Oyunlarının qalibidir. Paralimpiya hərəkatının regionlarda sürətli inkişafının təmin edilməsi məqsədi ilə 2018-ci ildə Gəncə şəhərində Paralimpiya Komitəsinin regional bölməsi yaradılmışdır. 2017-ci ildə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və 2018-ci ildə Azərbaycan Boccia İdman Federasiyası yaradılmışdır.
İ.Rəhimov bildirmişdir ki, 2013-cü ildə Beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılmışdır və UPK Milli Paralimpiya Komitəsi tərəfindən idarə olunur. Komitənin yaradılmasında əsas məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir. Cari ilin noyabr ayının 13-14 tarixlərində IV Oyunlar keçiriləcəkdir. Keçiriləcək yarışlara respublikanın müxtəlif regionlarından 8 idman növündə (cudo, üzgüçülük, para-taekvando, pauerliftinq, stolustu tennis, boccia, qolbol, əlil arabasinda rəqs) 130-dan çox sağlamlıq imkanları məhdud paralimpiyaçı uşaq qatılaraq öz güclərini sınayacaqlar. İlk dəfə olaraq Oyunlarda Gürcüstan Respublikasından olan uşaqlar da iştirak edəcəklər. Onlar 3 idman növündə 9 idmançı ilə öz ölkələrini təmsil edəcəklər. Milli Paralimpiya Komitəsi Paralimpiya idman növləri ilə yanaşı, Əlil arabasında idman rəqsi, Paraşütla tullanma və Boulinq qeyri paralimpiya idman növlərinin inkişafına da dəstək verir. 
Endrü Parsons Azərbaycan Paralimpiya Komitəsinin fəaliyyətini yüksək qimətləndirərək qeyd etmişdir ki, Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatı sahəsində də lider ölkədi. Görüşdə 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar geniş müzakirələr aparılmışdır.