Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Qızıl medal alan idmançılarla görüş

08 Fev 2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Qış idman növü üzrə Asiya Çempionatında qızıl və gümüş medal alan idmançılar Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımovanı (snovbord) qəbul edib. 

Komitənin prezidenti bildirib ki, qış idman növü üzrə ilk qızıl medal qazanılması əlamətdar hadisədir. Bu hadisənin ölkəmizdə rəğbətlə qarşılandığını deyən komitə sədri idmançılarımıza yeni uğurlar arzu edib. Əsas hədəfin "Pekin 2022" Qış paralimpiya oyunlarında iştirak və medal qazanmaq olduğunu bildirib. 

İ.Rəhimov qeyd edib ki, medal qazanan hər iki idmançı Uşaq paralimpiyasının yetirməsidir. Bu da uşaq paralimpiyası sahəsində görülən işlərin düzgün olduğunun daha bir təsdiqidir. 

Görüşdə hər iki idmançının valideyni də iştirak edib. 

Xatırladaq ki, Azərbaycanın idman tarixində ilk dəfə olaraq Qış idman növü üzrə Paralimpiya Milli Komandasının idmançıları Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snovbord)  Asiya Çempionatında iştirak ediblər. 

Gülnar Rəhimova yarışda 2 qızıl, Aytac Qasımova isə bir gümüş, bir bürünc medal qazanıb.