Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsində Yaponiya səfirliyinin nümayəndəsi ilə görüş

04 Mar 2019
Bu gün Milli Paralimpiya Komitəsində (MPK) Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, konsulluq və təhlükəsizlik şöbəsinin rəhbəri Daiji Aşizuka ilə görüş olub. Görüşdə MPK prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, vitse-prezident və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, komitənin baş katibi Kamal Məmmədov iştirak ediblər.

MPK prezidenti İlqar Rəhimov qonağa komitə haqqında məlumat verib. O qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya Hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyunlarında iştirak edib, onlarla medal qazanıblar. İdmanşılarımızdan 7 nəfəri paralimpiya çempionlarıdı ki, onlardan da iki nəfəri ikiqat paralimpiya çempionudu.

İ.Rəhimov bildirib ki, bu gün 14 idman növü üzrə paralimpiyaçılarımız beynəlxalq yarışlara qatılırlar. Bu il Azərbaycan üçün ənənəvi olmayan qış idman növü üzrə də idmançılarımız beynəlxalq yarışa qatılaraq medallar qazanıblar.

O, qeyd edib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarının ölkəmizdə təbliği baxımından da önəm kəsb edir.

Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, konsulluq və təhlükəsizlik şöbəsinin rəhbəri Daiji Aşizuka növbəti yay paralimpiya oyunlarının Yaponiyada keçiriləcəyini qeyd edərək, öz növbəsində Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Əməkdaşlığı daha da inkişaf etdirmək üçün bu cür görüşlərin mütəmadi xarakter almasının vacibliyini vurğulayıb.

Görüşdə əməkdaşlıqla bağlı təkliflərin hazırlanması məqsədi ilə hər iki təşkilatdan əlaqələndirici şəxs təyin edilib.