Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanın Boccia üzrə yığma komandası beynəlxalq yarışa yollanır

19 Mar 2019

Bu gün Milli Paralimpiya Komitəsində (MPK) Boccia üzrə paralimpiya yığma komandasının üzvləri ilə görüş keçirilib. Görüşdə MPK prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, Boccia Federasiyasının baş katibi və komandanın baş məşqçisi İlham Məhərrəmov və komandanın üzvləri iştirak ediblər.

MPK prezidenti İlqar Rəhimov öz çıxışında Azərbaycan Boccia Federasiyasının yaranmasının bir illiyi münasibəti ilə komandanın üzvlərini təbrik edib. O qeyd edib ki, Prezident İlham Əliyevin Paralimpiya Komitəsinin qarşısında qoyduğu əsas vəzifələrdən biri də “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına daha çox lisenziyanın qazanılmasıdır. Boccia komandasının da “Tokio 2020” yarışlarına lisenziya qazanacaq ən şanslı komandalarımızdan biri olduğunu qeyd edib. Komandaya qarşıda gözlənilən mötəbər yarışda uğurlar arzulayıb.

Komandanın baş məşqçisi İlham Məhərrəmov bildirib ki, Boccia üzrə Azərbaycan yığması 26–31 mart tarixlərində Xorvatiya Açıq Regional Çempionatında iştirak etmək üçün bu ölkəyə yola düşürlər. Onun sözlərinə görə, yarışda 16 ölkənin komandası iştirak edəcək.

Baş məşqçi, həmçinin bildirib ki, “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıran yarışlara komandamız tam hazırdır.