Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Avropa İttifaqı Azərbaycanda uşaq paralimpiya hərəkatına dəstək olacaq

13 Iyu 2019

Avropa Birliyinin Azərbaycanda "Həssas uşaqlar üçün icma və ailə-əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin inkişafı" layihəsinə start verilib. Bununla əlaqədar Avropa İttifaqı, UNİCEF və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Bakı şəhəri, 151 saylı orta məktəbdə baş tutan tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Avropa İttifaqının komissarı Yonhannes Han, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iştirak ediblər.

Tədbiri açan UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Avropa İttifaqı və UNİCEF Azərbaycanda birgə əməkdaşlığa start verir. Bu UNİCEF və Aİ əməkdaşlığının yeni mərhələsidir.

"Bu layihə çərçivəsində biz həssas vəziyyətdə yaşayan uşaqları daha tez müəyyən etmək, onlarla əlaqə qurmaq və onların həyatına töhfə verməkdə daha müvəffəqiyyətli olacağıq. Hazırkı layihənin icrasında vətəndaş cəmiyyətləri fəal iştirak edəcəklər. Vətəndaş cəmiyyətlətinin nümayəndəsi olaraq bu layihənin başladılmasına həsr olunmuş tədbirdə bizim dəyərli tərəfdaşımız olan Milli Paralimpiya Komitəsi də iştirak edir və bununla da ölkədə vətəndaş cəmiyyətinin nə dərəcədə qüvvətli olmasını bizə nümayiş etdirir", - qeyd edib.

Avropa İttifaqının komissarı Yonhannes Han öz çıxışında bildirib ki, Azərbaycanda Uşaq Paralimpiya Komitəsinin mövcudluğu gözəl nümunədir və bir çox ölkələr bu təcrübədən istifadə etməlidirlər. O idmanın hər bir gəncin həyatında mühüm olduğunu diqqətə çatdırıb və paralimpiyaçı uşaqlara uğurlar arzulayıb.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov çıxış edib. O bildirib ki, 2018-ci ildə nazirlik tərəfindən həyata keçirilən layihələrdən 5 min nəfər uşaq faydalanıb.

"Bu il ərzində də bir sıra addımlar atılmışdır. Uşaqlar üçün müavinətlərin və Prezident təqaüdlərinin artırılmasını buna misal göstərmək olar", - qeyd edib.

Nazir müavini bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə uşaqların inkişafı ilə bağlı 5 milyon manat vəsait ayrıldığını xatırladıb. O əmin olduğunu bildirib ki, bu sərəncam uşaqlar ilə bağlı müxtəlif sosial layihələrin həyata keçirilməsinə böyük töhfə verəcəkdir.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov öz çıxışında Uşaq Paralimpiya Hərəkatı haqqında söz açıb. O qeyd edib ki, 2013-cü ildə ilk dəfə bu təşəbbüsə başlayanda idman növlərində bir və ya iki uşaq cəlb etmək olurdu. Bu gün isə bütün idman növlərində yüzlərlə uşaq təmsil olunur.

"Bu çox çətin bir addım idi. Çünki bu dünyada bir ilk idi. Ona görə də əlimizdə nə sənədlərimiz, nə də normativlərimiz var idi. Amma biz bu işi başladıq və uşaqlarımız idman növlərində təmsil olunur. Təkcə uşaqlardan ibarət yığma komandaların sayı artıq iki yüzü keçib. Biz bu işi yeni başlayanda valideynlər sağlamlıq imkanları məhdud olan uşaqlarından utanırdılar. Onları cəmiyyətdən gizlədirdilər. Bizim mütəxəssislərimiz evbəev, ailəbəailə gəzərək bu işin mahiyyəti və gözəlliyi barədə böyük işlər apardılar. Bu gün paralimpiyaçı uşaqların valideynləri də dəstək olurlar.

İlqar Rəhimov bildirib ki, uşaq paralimpiya hərəkatında peşəkar idmançılar yetişdirilir və onlar böyük idmanına da öz töhfələrini verəcəklər.

Daha sonra tədbir iştirakçıları paralimpiyaçı uşaqların məşqlərinə baxıblar və uşaqlara hədiyyələr təqdim olunub.

Tədbirin təşkil olunmasında Təhsil Nazirliyinin "Bir" tələbə-könüllü proqramının üzvləri fəal iştirak ediblər.