Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Britaniya Səfirinin müavini ilə görüş

13 Sen 2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Filip Barklay ilə görüşüb. Görüş MPK-nın ofisində baş tutub. 

MPK prezidenti İlqar Rəhimov qonağa komitənin fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib. O qeyd edib ki, paralimpiya əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün ən uğurlu vasitələrdən biridir. 

Komitə prezidenti Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların da idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər. 

İlqar Rəhimov ölkəmizdə qış idman növü üzrə paralimpiya idman növlərinin də inkişaf etdirildiyini qeyd edib. 

Komitə prezidenti daha sonra Böyük Britaniyada Boccia idman növünün inkişaf etdiyini xatırladıb. Bununla əlaqədar, azərbaycanlı məşqçilərin və idmançıların da təcrübəsinin artırılması üçün Britaniyanın Boccia mütəxəssisləri ilə əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib. 

Səfir müavini Filip Barklay ölkəsində paralimpiya dəyərlərinə böyük önəm verildiyini qeyd edib. O bildirib ki, paralimpiyaçı atletlər Birləşmiş Krallıqda çox populyardırlar. Bu səbəbdən də Paralimpiya Komitəsi ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. 

Azərbaycanda çoxlu sayda Britaniya şirkətinin fəaliyyət göstərdiyini deyən səfir müavini Filip Barklay, bu şirkətlərin Korporativ Sosial Məsuliyyət çərçivəsində Paralimpiya Komitəsi ilə əməkdaşlıqda maraqlı ola biləcəklərini dilə gətirib və Azərbaycanda fəaliyyət göstərən Britaniya Biznes Qrupunun Paralimpiya Komitəsi ilə görüşünün keçirilməsini təklif edib.