Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin baş katibi beynəlxalq forumda çıxış edib

24 Sen 2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Unlimited: Making the the right moves” (Sərhədsiz imkanlar: limitsiz addımlara doğru) adlı beynəlxalq forumda iştirak edir. 

Kamal Məmmədov bu gün forumun “İnklüziv cəmiyyət üçün milli strategiyalar” adlı paneldə çıxış edib. O, Azərbaycanda inklüziv cəmiyyətin qurulması üçün əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə söz açıb. Kamal Məmmədov qeyd edib ki, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası üçün Azərbacanda idmanın imkanlarından geniş istifadə edilir. Milli Paralimpiya Komitəsinin əsas vəzifəsi əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasıdır. 

“Azərbaycanda paralimpiya hərəkatının ən böyük dəstəkçisi dövlətdir. Prezident İlham Əliyev daim paralimpiyaçıların yanındadır. Bu günə qədər biz 6 paralimpiya oyunlarından iştirak etmişik. Azərbaycanın hazırda 7 paralimpiya çempionu var. Onlardan ikisi isə - İlham Zəkiyev və Oleq Panyutin ikiqat paralimpiya çempionlarıdır”, - deyə o əlavə edib. 

Kamal Məmmədov bildirib ki, hazırda Azərbaycanda əlilliyi olan şəxslər üçün 14 idman növü fəaliyyət göstərir. Bunlardan 12-si yay, 2-si isə qış idman növləridir. Onun sözlərinə görə Milli Paralimpiya Komitəsi Paralimpiya Oyunlarına daxil olmayan əlil arabasında rəqs, para alpinizm, paraşütdən tullanma və əlil arabasında boulinq kimi idman növlərini də dəstəkləyir. 

MPK-nın baş katibi sağlamlıq imkanları məhdud olan uşaqların da cəmiyyətə idman vasitəsi ilə inteqrasiyasının vacib olduğunu qeyd edib və əlavə edib ki, bu məqsədlə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. Onun sözlərinə görə, bu komitədə hazırda 6 idman növünün fəaliyyət göstərir.

Kamal Məmmədov bildirib ki, paralimpiya komitəsi idmanla yanaşı, əlilliyi olan şəxslərin sosial problemlərinin də həllində fəaliyyət göstərir. Şəhərdə və müxtəlif obyektlərdə müyəssərliyin təmin edilməsi üçün işlər görülür. Bu məqsədlə müxtəlif təşkilatlarla əməkdaşlıq edilir. Bununla yanaşı əlilliyi olan şəxslərin təhsilinə və işlə təminatı üçün də işlər görülür. Bu günə qədər əlilliyi olan onlarla şəxs komitə vasitəsi ilə yerli və xarici universitetlərdə təhsil alıblar və dövlət qurumlarında işlə təmin olunublar. 

Baş katib ölkədə paralimpiya hərəkatı və korporativ sosial məsuliyyət haqqında da söz açıb. Onun sözlərinə görə, Azərbaycan dövlət Paralimpiya hərəkatına dəstək göstərir. Bununla yanaşı ölkədə fəaliyyət göstərən biznes qurumları da korporativ sosial məsuliyyət çərçivəsində komitə ilə tərəfdaşlıq edirlər. Hazırda isə ölkənin biznes mühitində korporativ sosial məsuliyyət dəyərlərinin daha çox inkişaf etdirilməsi yönündə işlər aparılır. 

Kamal Məmmədovun məruzəsi maraqla qarşılanıb. Forum iştirakçıları Kamal Məmmədova MPK-nın təcrübəsi ilə bağlı müxtəlif suallar ünvanlayıblar. 

Xatırladaq ki, bu forumun məqsədi inklüziv cəmiyyətin qurulması istiqamətində çalışan insanların təcrübəsini bölüşmək və daha geniş imkanlar açmaqdır. 

Qeyd edək ki, tədbirdə, müxtəlif ölkələrin dövlət rəsmiləri də iştirak ediblər.