Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Pandemiyanın nokdaunu

20 Apr 2020


Şaxtalı-qarlı qışdan sonra yaz günəşi pəncərələrimizdən öz ilıq nəfəsini hiss etdirib, qapılarımızı taybatay açdırıb. Təbiəti al-əlvan rəngə bürüyən bahar insanı təbiət qoynuna səsləyir. Daşlardan-qayalardan axan suyun şırıltısı, bulaqların zümzüməsi, quşların şən civiltisi... Amma çox təəssüf ki, bütün bu gözəllikləri kənardan seyr etmək məcburiyyətində qalmışıq. Nə o çiçəklərə toxuna bilirik, nə də o havanı doyunca ciyərlərimizə çəkə bilirik. Belə gözəl yaz havasında evdə oturub planlarımızı alt-üst edən pandemiya və onun yaratdığı vəziyyət barədə yazmaq əslində mənəvi izatirab verir insana. Amma gözə görünməyən düşmən bizi vərdişlərimizi dəyişməyə, sevdiklərimizlə məsafə saxlamağa, təbiətin gözəlliyini kənardan seyr etməyə məcbur edir bizi.

Çox ağır bir sınaqla üz-üzə qalmışıq bu gün. Milyonlarla insan öz alışdığı vərdişlərindən uzaqlaşıb, gündəlik həyat tərzini dəyişib, illərdir addım-addım yaxınlaşdığı arzularını gerçəkləşdirmək imkanını itirib. Yadımdadır, Rio-2016 Yay Paralimpiya Oyunlarında millimiz 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazansa da, nəticə bizi məyus etmişdi. Çünki 8 gümüş medala 8 itirilmiş qızıl medal kimi baxırdıq o zaman. Fikrimizdə yalnız bir məqsəd vardı – səylərimizi səfərbər edib böyük arzumuzu Tokio-2020-də gerçəkləşdirmək. Beləcə, yeni səhifə açıldı qarşımızda. Komitənin 4 illik fəaliyyət planının hər sətri Tokio-2020-də mümkün qədər çox medal qazanmağa hesablanmışdır. Hər bir idmançı üçün hazırlanmış fərdi proqram əsasında gecə-gündüz davam edən gərgin məşqlərin mütləq nəticə verəcəyinə bütün qəlbimizlə inanırdıq. Addım-addım hədəfə yaxınlaşmağa başlamışdıq və oyunlara 5 ay qalmış Komitəyə 9 lisenziya qazanmışdıq. Daha 25 idmançı dünya reytinqində ilk sıralarda qərarlaşmışdılar və demək olar ki, öz iştirak hüquqlarını təmin etmişdilər. Bu böyük qələbənin başlanğıcı demək idi. Artıq Tokio-2020 Oyunlarında millimizin xeyli sayda yüksək əyarlı medal qazanacağımıza dair qəlbimizdə bir əminlik hissi yaranmışdır. Bütün hazırlıq prosesi boyunca ölkə başçısı İlham Əliyevin dəstəyini hiss etmişik.  Eyni zamanda Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyası rəhbərliyi və o cümlədən digər tərəfdaşlarımız da diqqətlərini idmançılarımızın üzərində əskik etməyiblər.

Təbii ki, koronavirusun belə sürətlə yayılacağını, pandemiyanın bütün dünya ölkələrini diz çökdürəcəyi və Tokio-2020 Oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin təxirə salınacağı heç kimin ağlına belə gəlməzdi. Hadisələrin bu cür gedişatı bizim hər birimizi çox üzür. Maddi və fiziki itkilərlə müqayisədə psixoloji zərərimiz daha böyükdür. 4 illik gərgin əməkdən sonra fiziki və psixoloji hazırlığın pik nöqtəyə çatdığı bir vaxtda hər şey bir anın içində alt-üst oldu. İdmançılar ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar fiziki məşqlərini evdə davam etdirsələr də, əvvəlki ruh hallarını bərpa edə bilmirlər. Onların 4 ildir xəyalını qurduqları fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ölkənin himnini səsləndirmək arzuları müvəqqəti olsa da, ürəklərində qalıb. Hətta bəzi idmançılarımız ailə həyatları məşqlərinə mane olmasın deyə evliliklərini belə Tokio Oyunlarından sonraya planlaşdırmışdılar. İndi onların bu arzuları da bir illik təxirə salındı. Bu hal idmançıya vurulan ağır zərbədən sonra düşdüyü nokdauna bənzəyir. Rinqdə ayağa qalxıb mübarizəni davam etdirmək üçün 10 saniyə verilirsə, bizim 2021-ci ildə keçiriləcək Tokio Yay Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etmək üçün hələ 16 ayımız var. Bu 16 ay bizim üçün əvvəlki 4 ildən də ağır keçəcək. Fiziki hazırlıqla yanaşı, böyük sarsıntı keçirmiş idmançılarımız psixoloji durumlarını da bərpa etməli olacaqlar. Bu çətin vəziyyətdə hamı əl-ələ tutmalı, bir olmalı, heç kim ruhdan düşməməli, dövlət başçısının ətrafında toplaşıb bütün dünyanı özünə hədəf seçmiş gözəgörünməz düşmənə qalib gəlməliyik. Bu möhtəşəm qələbəni yalnız birlikdə qazana bilərik. Bu qalibiyyət böyük psixoloji sarsıntıdan sonra idmançılarımızı yenidən ruhlandıracaq, onlara yeni nəfəs və yenidən əzmlə məşqlərə başlamağa təkan verəcək. Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Gözəlliklərini doya-doya yaşaya bilmədiyimiz yaz həyatımıza yenidən gələcək. Günəş üzümüzə yenidən güləcək. Şıdırğı yağışlardan sonra çıxan günəşin al şəfəqləri yenə ruhumuzu isidəcək. Yetər ki, ümidsizliyə qapılmayaq, təslim olmayaq. Bizim öz idmançılarımıza olan inamımız sonsuzdur. Tutduğumuz doğru yoldan əminik. Taleyin bu sınağından da üzüağ, alnıaçıq çıxıb Tokio-2020 Oyunlarında Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Bizi sevənləri, bizə inananları yenidən sevindirəcəyik. Çünki biz YENİLMƏZİK!

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi

Kamal Məmmədov              19.04.2020