06 Yan 2021
06 yanvar 2021-ci il
tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti
İlqar Rəhimov və Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru arasında görüş
keçirilmişdir.
Görüş zamanı Komitə
prezidenti İlqar Rəhimov iştirakçılara komitə haqqında məlumat verib. O qeyd
edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya hərəkatına
bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya
oyunlarında iştirak etmiş, onlarla medal qazanmışlar. İdmançılarımızdan 7 nəfəri
paralimpiya çempionlarıdır ki, onlardan da iki nəfəri ikiqat paralimpiya
çempionudur.
İ.Rəhimov komitə ilə
Şika şəhəri arasında 2020-ci ildə imzalanmış memorandum çərçivəsində azərbaycanlı
paralimpiyaçıların “Tokio-2020” Oyunlarına qatılması ərəfəsində Şika şəhərində
hazırlıq keçmələri üçün yaradılmış yüksək şərait üçün təşəkkürünü bildirmişdir.
Komitə prezidenti onu da qeyd etdi ki, hazırlıq mərhələsi Oyunlarda göstəriləcək
nəticələrə müsbət təsir göstərəcək.
Şika şəhərinin meri
Koizumi Masaru öz növbəsində ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini
bildirib, Paralimpiya Komitəsi və Şika şəhəri ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini
vacib hesab edərək müxtəlif sahələrdə birgə iş qurulmasını dəstəklədiyini
bildirmişdir. Eyni zamanda cənab mer Azərbaycan paralimpiyaçılarının
Yaponiyanın Şika şəhərində “Tokio-2020” Yay Paralimpiya oyunlarına hazırlıq
keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə
olduğunu göstərdiyini bildirib. Daha sonra tərəflər
gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Görüşdə Milli
Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və Şika şəhərinin xarici əlaqələr üzrə rəhbəri
Ooya iştirak ediblər.