08 Yan 2021
Uşaq Paralimpiya hərəkatının regionlarda inkişafına dair işlər
davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq
etdiyi “Uşaqlara dair 2020 – 2030-cu illər üçün strategiyası”na uyğun olaraq
Milli Paralimpiya Komitəsi ölkəmizdə Uşaq Paralimpiya hərəkatının inkişafına
dair müxtəlif layihələrin keçirilməsini davam etdirir.
08 yanvar 2021-ci il tarixində Şahdağ Turizm Mərkəzində “Uşaq
Paralimpiya hərəkatının inkişafı” layihəsi çərçivəsində Uşaq Paralimpiya hərəkatının
gələcək idmançı və onların valideynləri ilə görüş keçirilib. Görüş Milli Paralimpiya Komitəsinin
prezidenti İlqar Rəhimov, "Şahdağ Turizm Mərkəzi" QSC-nin sədri
Rodderiç Leffer və Qusar rayon İcra Hakimiyyətinin başçısının müavini Elman
Mustafayevin iştirakı ilə baş tutub.
Görüş zamanı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov
qeyd edib ki, ölkəmizdə Uşaq Paralimpiya hərəkatının inkişafı Komitənin
strateji istiqamətlərindən biridir.
“Yarandığı gündən yüzlərlə fiziki məhdudiyyətli uşaqları ətrafımızda
toplaya bilmişik və bu çox sevindirici haldır ki, övladlarını cəmiyyətdən gizlədən
valideynlər bu gün artıq özləri bizə müraciət etməyə başlayıb. Hesab edirəm ki,
bu bizim ən böyük qələbəmizdir.”
Eyni zamanda İ.Rəhimov ölkəmizdə qış idman növlərinin inkişaf
etdirilməsi ilə bağlı görülmüş işlərlə bağlı iştirakçılara məlumat verib və
Şahdağ Turizm Mərkəzinin sədrinə yaradılmış şəraitə görə təşəkkürü
bildirmişdir.
“Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rodderiç Leffer bildirib ki,
bir il öncə Milli Paralimpiya Komitəsi ilə imzalanmış Anlaşma Memorandumuna əsasən
işlər davam etdirilir. Mərkəz qış idman növünün Azərbaycanda inkişaf etdirilməsi
və uşaqlar üçün lazım olan bütün şəraitin yaradılmasında daim dəstək göstərəcək.
Qusar rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev
öz növbəsində rayonda belə mötəbər layihələrin baş tutmasının sevindirici hal
olduğunu bildirib. E.Mustafayev İcra Hakimiyyətinin gələcəkdə də müxtəlif layihələrin
keçirilməsində dəstək göstərəcəyini vurğulayıb. Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov
iştirak etmişdir.