Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK) İlqar Rəhimov, baş katib Kamal Məmmədov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) idman direktoru Yanoş Tardoş arasında görüş baş tutub.

29 Apr 2021

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK) İlqar Rəhimov, baş katib Kamal Məmmədov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) idman direktoru Yanoş Tardoş arasında görüş baş tutub.

Milli Paralimpiya Komitəsində keçirilən görüşdə 25-26 may 2021-ci il tarixlərində Bakıda keçiriləcək cüdo idman növü üzrə “IBSA JUDO GRAND PRIX BAKU 2021” yarışlarına hazırlıq barədə müzakirələr aparalıb.

Komitə prezidenti İ.Rəhimov bildirdi ki, belə mötəbər tədbirin yenidən Bakıda baş tutması sevindirici haldır. İ.Rəhimov qeyd etdi ki, Qran-Prinin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Komitə prezidenti hazırlıq işlərinin yaxın günlərdə tam yekunlaşacağını Y.Tardoşun nəzərinə çatdırdı.

 İ.Rəhimov “IBSA JUDO GRAND PRIX BAKU 2021” yarışlarının ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcəyini vurğuladı.

 Komitənin baş katibi Kamal Məmmədov görüş zamanı yarışa gələcək qonaqların məskunlaşacağı yer, Qran-Prinin keçiriləcəyi Heydər Əliyev adına İdman və Konsert Kompleksi, eləcə də idmançılar üçün təşkil olunacaq tibbi təsnifata olan hazırılıq barədə məlumat verib.

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının idman direktoru Y.Tardoş Komitə rəhbərliyinə dəvət üçün təşəkkürü bildirib. O, Milli Paralimpiya Komitəsinin IBSA ilə əməkdaşlığını yüksək qiymətlərərək bildirib ki, Qran-Prinin yüksək səviyyədə təşkil olunması üçün təşkilat komitəsinə öz dəstəyini verəcək.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Y.Tardoş Bakıda olduğu müddətdə Azərbaycan Cüdo Federasiyası ilə görüşlər keçirəcək, Qran-Prinin keçiriləcəyi Heydər Əliyev adına İdman və Konsert Kompleksindəki hazırlıq prosesi ilə tanış olacaq.

Qeyd edəki, 25-26 may tarixlərində Bakıda keçiriləcək Qran-Pri Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.