Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin məlumatı.

22 May 2021

“IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin məlumatı.

25-26 may 2021-ci il tarixlərində Bakıda keçiriləcək cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

MPK prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 38 ölkədən 200 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər təşkil edəcək.

İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək. Bunlar Orxan Qarayev (-60kq), Vüqar Şirinli (-60 kq), Namiq Abaslı (-66 kq), Bayram Mustafayev (-66 kq), Ramil Qasımov (-73 kq), Hüseyn Rəhimli (-81 kq), Rövşən Səfərov (-90 kq), Kənan Abdullaxanlı (-100 kq) və İlham Zəkiyevdir (+100 kq).

Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançı ölkəmizi təmsil edəcək. Qadın idmançılarımız bunlardır: Şahanə Hacıyeva (-48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq).

Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Braziliya, Yaponiya və Özbəkistan Bakı Qran-Prisinə ən böyük nümayəndə heyətləri ilə qatılacaq.

İlqar Rəhimov “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq cüdo yarışının tərəfdaşları barədə də söz açıb. O qeyd edib ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır.

bp Azərbaycan və SOCAR şirkətləri yarışın əsas tərəfdaşlarıdır. TOYOTA və “Unibank”  yarışların rəsmi tərəfdaşıdır.

Yarışın rəsmi dəstəkçiləri Bakı Nəqliyyat Agentliyi, “Coca-cola” şirkəti, İnterlux Travel, CBC Sport, “Motivator Azerbaijan” ,Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası.

“AzərTac”, “Report”, “Azerisport” və “1news” yarışın informasiya dəstəkçiləridir.

CBC Sport yarışların final bloklarını canlı yayımlayacaq. Bundan əlavə Youtube-da yarışların bütün bloklarını canlı yayımlanacaq.