Hidayət Kaviz oğlu Abdullayev
Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti
Hidayət Kaviz oğlu Abdullayev 1979-cu ildə Gəncə şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.
1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.
2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.
2018-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından nazirliyin Aparatının rəhbəri olub.
2020-ci ilin aprel ayının 1-dən bugünədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışır.
2023-cü ilin iyul ayının 24-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağında Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilib və hazırda Komitənin prezidentidir.